Qızıl niyə bahalaşır və bunun bizə hansı təsiri olacaq | TƏHLİL

   Qızıl niyə bahalaşır və bunun bizə hansı təsiri olacaq    | TƏHLİL
  04 May 2024    Oxunub:2973
Dünya bazarlarında qızılın qiyməti qalxmaqda davam edir. Bu da təsadüfi deyil: Geosiyasi vəziyyət pisləşəndə həmişə eyni hal müşahidə edilir. Qızıl qiymətli metal olaraq qlobal iqtisadiyyatda daim real vəziyyətin göstəricisi sayılıb və sayılır. Onun ucuz olması bu deməkdir ki, investorlar sərbəst fəaliyyət göstərirlər və ortada onları çəkindirəcək heç nə yoxdur. Qızılın bahalaşması isə qlobal məkanda yatırım və biznes üçün əlverişsiz vəziyyətin hökm sürdüyündən xəbər verir.
Cari ilin iyun ayı üçün bağlanılan müqaviləyə əsasən Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir unsiyasının qiyməti 2 238,4 ABŞ dollar təşkil edib. Bu təkcə mart ayı ərzində 8,9%, ötən üç ay ərzindəsə 8% bahalaşma deməkdir. Bunlar rekord rəqəmlərdir. Belə görünür, tendensiya hələ davam edəcək. O səbəbdən ki, ən azı ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini aşağı salacağı gözləntisi var. Hazırda bu dərəcə illik 5,25-5,5% təşkil edir. Aşağı uçot səviyyəsi qızıla marağı və cəlbediciliyi artırır. Hətta aparıcı ölkələr özləri də valyuta ehtiyatlarında qızılın həcmini artırmağa başlayırlar.

Çünki qızıl - sığorta mənbəyidir. Qızıl - yatırım vasitəsidir. Qızıl - istənilən valyutaya çevrilə bilən metaldır. Qızıl - dəyər ölçüsüdür. Dünyada əsas aparıcı valyuta ABŞ dolları sayıldığından, onun dəyəri aşağı düşən kimi qızıl bahalaşır və alış-verişi sürətlənir.

Bu gün dünyada geosiyasi vəziyyət olduqca gərgindir. İnvestorlarda çaşqınlıq var. Pandemiyadan sonra Ukrayna-Rusiya müharibəsinin başlanması investorları özlərinə gəlməmiş daha bir qaranlıq şəraitə atdı. Hazırda qiymətli kağızlara və səhmlərə pul yatırmaq böyük risk sayılır. Çünki bütün seqmentlər üzrə dəyərlərdə yüksək dalğalanmalar (volatillik) müşahidə edilir. Odur ki, yeganə ümid yenə qızıladır.

Müəllifin digər yazıları:
Kənddən şəhərə axın niyə dayanmır? | TƏHLİL
İnflyasiya azalıb: Rahatlanmaq olarmı? | TƏHLİL
Dollara meyl niyə artıb: Manata inam itirmi? |TƏHLİL
Sağlam iqtisadi artım necə olmalıdır | TƏHLİL

Azərbaycana gəincə, qızılın bahalaşması bizə iki istiqamətdə faydalıdır. Birincisi, valyuta ehtiyatlarımızın bir hissəsi qızıldan ibarətdir. Odur ki, təhlükə barədə danışmağa dəyməz. Dövlət Neft Fondunun ehtiyatlarının təxminən 15%-ə qədəri qızılla yerləşdirilib. Mərkəzi Bankın da qızıl ehtiyatı var. “Sarı metal”ın dəyəri qalxdıqda və yaxud endikdə valyuta ehtiyatlarının ümumi həcminə təsir edir.

İkincisi isə, Azərbaycan regionda bu qiymətli metalı hasil və ixrac edən yeganə ölkədir. Təkcə keçən il ərzində yerli və xarici bazarlarda ümumən 68.1 min unsiya qızıl və 119.8 min unsiya gümüş satmışıq ki, bu da, 2022-ci illə müqayisədə 7% artım deməkdir. Qeyd olunan ümumi satış həcminin qızıl üzrə 62.1 min, gümüş üzrə isə 90.8 min unsiyası xaricdə realizə edilib.
2023-cü il ərzində xarici və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232.8 milyon manat məbləğində gəlir əldə edilib. Bunun 210.1 milyon manatını ixrac, 22.7 milyon manatınısa daxili satış gəlirləri təşkil edib. İxrac gəlirləri 2022-ci illə müqayisədə 11%, yerli bazarda isə 81% artıb. Bütövlükdə 2017–2023-cü illər üzrə qızıl və gümüş satışı nəticəsində 1.19 milyard manat ümumi gəlir əldə edilib.

Beləliklə, Tanrı Azərbaycana hər cür sərvət bəxş etdiyindən, qızılın bahalaşması ölkəmiz üçün əslində yeni üfiqlər açır. Yaranmış vəziyyət bizdən mədənçıxarma sənayesini daha da genişləndirməyi və sürətlə inkişaf etdirməyi tələb edir. Bu baxımdan, işğaldan azad olunan ərazilərin potensialından maksimum və tez istifadə etmək lazımdır. Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdərə rayonlarındakı qızıl yataqlarının istismarı ölkəmizə həm külli məbləğdə valyuta gəlirləri, həm də ehtiyatları vəd edir. Bunun üçün isə sərfəli investorlar gəlməlidir.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Qızıl  





Xəbər lenti